×
A
A
A
Sazlamalar

“Yaradıcı məktəblər” kitabının təqdimatı olub

Bakı, 22 may, AZƏRTAC 

Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitabın müəllifinin şagirdlərdə təhsilə, elmə maraq yaratmaq, onların müasir texnoloji və peşəkar resurslardan faydalanması üçün sağlam yanaşma təklif etdiyini bildirib. O qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da “Yaradıcı məktəblər” kitabında öz əksini tapır. Müəllif köhnəlmiş sənaye mənşəli təhsil sistemınə son verilməli olduğunu əsaslandırır.
Ken Robinsonun həyat və fəaliyyəti barədə məlumat verən C.Valehov bildirib ki, təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış professor 12 il Birləşmiş Krallıqda Varvick Universitetində çalışıb. Ken Robinson “Element”, “Öz elementini tap” və “Düşüncələrimizdən kənar” kitablarının müəllifidir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bu kitabın ümumtəhsil məktəblərinin yaradıcı fəaliyyəti, dəyişikliklərin aparılması baxımından müsbət rolunu xarakterizə edib. Vəfa Yaqublu deyib ki, kitabda dəyişikliklərin əsasında konsepsiya, bacarıq, stimul, resurs və fəaliyyət planının dayandığı qeyd olunur. Müəllifin fikirlərinə toxunan institut direktoru əlavə edib ki, hər bir şəxs təhsilə uşaqların gözü ilə baxsa, təhsilimiz daha humanist və səmərəli olacaq.
Milli Məclisin deputatı Fazil Mustafa, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev və digər çıxış edənlər kitabın nəşrini yüksək qiymətləndirib və onun məktəb yaradıcılığında faydalı olacağını bildiriblər.

Elm və təhsil 2019-05-22 17:23:00