×
A
A
A
Sazlamalar

Metronun “Bənövşəyi xətti” üzrə 16 meqavolt amperlik dizel generator stansiyası inşa olunur

Bakı, 22 may, AZƏRTAC

Hazırda 2 stansiyası istismarda olan Bakı metrosunun “Bənövşəyi xətti”nin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 meqavolt amper (MVA) olan dizel generator stansiyası da inşa edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Baş mühəndis bildirib ki, bu dizel generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, havalandırma sistemləri, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.
“Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kilovoltluq 2 yarımstansiyada qurulacaq dizel generator stansiyaları xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyacını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq”, - deyə Ə.Osmanov əlavə edib.

İqtisadiyyat 2019-05-22 16:39:00