×
A
A
A
Sazlamalar

“Big Data”da anomaliyaların aşkarlanması üçün optimallaşdırma modeli təklif olunub

Bakı, 22 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “Big Data”da anomaliyaların aşkarlanması üçün PSO+K-means alqoritmi” məqaləsi “Statistics, Optimization & Information Computing” jurnalında dərc olunub.
Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.
AZƏRTAC xəbər verir ki, məqalədə anomaliyaların aşkarlanmasında dəqiqliyi artırmaq üçün PSO (particle swarm optimization) və k-means alqoritmlərinin birləşməsinə əsaslanan iki blokdan ibarət yeni çəkili klasterləşmə modeli təklif edilib. Təklif edilmiş üsul “Yahoo! S5” verilənlər bazası üzərində test edilib və alınmış nəticələrin k-means alqoritmi ilə müqayisəli təhlili aparılıb. Eksperimentlərin nəticəsi göstərir ki, təklif edilmiş üsul k-means alqoritmi ilə müqayisədə daha dayanıqlıdır və dəqiq nəticələr əldə etməyə imkan verir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində hazırlanıb.
Qeyd edək ki, “Statistics, Optimization & Information Computing” jurnalı “Scopus” (Elsevier), “Mathematical Reviews”, “MathSciNet”, “DOAJ”, “Crossref” və s. beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Elm və təhsil 2019-05-22 16:16:00