×
A
A
A
Sazlamalar

Paytaxt sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Bakı, 22 may, AZƏRTAC

Paytaxt sakini N.Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat istədiyini və verməyəcəyi təqdirdə onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini bildirib.
Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə tələb etdiyi məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bir bıçaq aşkarlanaraq götürülüb. S.Əliyev ifadəsində cinayəti etiraf edib.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə cinayət işi başlanıb.
S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Hadisə 2019-05-22 15:49:00