×
A
A
A
Sazlamalar

Abramoviç “Çelsi”nin işdən çıxarılan məşqçilərinə 102 milyon avro kompensasiya ödəyib

Bakı, 22 may, AZƏRTAC

Məhkəmə İngiltərənin “Çelsi” futbol klubu üzərinə müqavilənin vaxtından əvvəl pozulmasına görə komandanın keçmiş baş məşqçisi italiyalı Antonio Konteyə 10 milyon avro məbləğində kompensasiya ödəmək öhdəliyi qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Times” nəşri bildirib.
49 yaşlı italyan mütəxəssisin fikrincə, “Çelsi” onunla ayrılması barədə qərarı çox gec qəbul edib və bu səbəbdən məşqçi gələn mövsüm üçün iş yeri tapmağa nail olmayıb. Bununla əlaqədar Konte məhkəməyə müraciət edərək “Çelsi”dən müqavilənin son ili üçün 10 milyon avro kompensasiya tələb edib. Mart ayında arbitraj tribunalı bu işə qapalı iclasda baxıb və qəbul edilən qərar barədə hər iki tərəfi məlumatlandırıb. “Times” nəşrinin məlumatında qeyd edilir ki, London klubu məhkəmə hökmündən şikayət verməyi planlaşdırmır.
Mənbənin məlumatına görə, “Çelsi”nin sahibi Roman Abramoviç komandanın işdən çıxarılan məşqçilərinə kompensasiya qismində 102 milyon avro ödəyib. Konte “Çelsi”nin vaxtından əvvəl müqavilənin pozduğu səkkizinci rəhbərdir. Daha əvvəl klub Klaudio Ranyeriyə (6 milyon avro), Joze Mourinyoya (iki iş dövrü ərzində cəmi 34 milyon avro), Avraam Qranta (6 milyon avro), Luis Felipe Skolariyə (14 milyon avro), Karlo Ançelottiyə (7 milyon avro), Andre Villaş-Boaşa (13 milyon avro) və Roberto Di Matteoya (12 milyon avro) kompensasiya ödəyib.
Konte “Çelsi”yə 2016-cı ilin avqustundan rəhbərlik edib. 2017/2018-ci illər mövsümündə London klubu 38 görüşdə 70 xal toplayaraq milli çempionatda beşinci yeri tutub, bununla da Çempionlar Liqasına düşə bilməyib. İtalyan mütəxəssis İngiltərə komandası ilə ölkə çempionu (2016/2017) və ölkə kubokunun (2017/2018) sahibi olub. Konte daha əvvəl “Siena”, “Arettso”, “Bari”, “Atalanta”, “Yuventus” komandalarında, həmçinin İtaliya yığmasında çalışıb.

İdman 2019-05-22 15:40:00