×
A
A
A
Sazlamalar

Azərbaycan Təhsil Şəbəkəsi təhsilalanları internetin mənfi təsirlərindən qoruyur

Bakı, 22 may, AZƏRTAC

Müasir dövrdə digər sahələrlə yanaşı, təhsili də texnologiyaların, xüsusilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur.
Azərbaycan Təhsil Şəbəkəsindən AZƏRTAC-a bildiriblər ki, şagirdlər onlara verilən dərs tapşırıqlarının həllində informasiya və bilik mənbəyi olan internetə üz tuturlar. Zamanın tələbi ilə meydana çıxan və qaçılmaz olan bu cür yanaşma təhsilalanların müasir texnologiyalarla erkən yaşlarından tanış olmaları ilə yanaşı, tədris edilən mövzunu daha əhatəli şəkildə qavramaları baxımından böyük əhəmiyyət daşıyır. Lakin internetin təhsilə inteqrasiyası və faydaları nə qədər labüd və danılmaz olsa da, ondan düzgün istifadə olunmadıqda mənfi təzahürlərə yol aça və hətta təhsilalanların psixoloji inkişafı üçün təhdidlər yarada bilir. Sərhədsiz məlumat mənbəyi olan internetin ən çatışmayan cəhəti yaşından asılı olmayaraq hamı üçün eyni dərəcədə əlçatan olmasıdır. Bu isə o deməkdir ki, internetdə olan faydalı məlumat və resurslarla yanaşı, zərərli, qeyri-etik, arzuolunmaz və xüsusən də uşaq psixologiyası üçün yolverilməz olan istənilən məzmun uşaqların qarşısına çıxa bilər. Məhz bu səbəbdən internetdən azyaşlıların istifadəsi zamanı zəruri müdafiə mexanizmlərin mövcudluğu hər zaman aktual məsələlərdən biri olub.
Ölkədə təhsil sahəsində ən iri korporativ intranet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürüb. Bu cür funksiyalardan ən başlıcası təhsilalanların tədris prosesində istifadə etdikləri internetin zərərli təsirlərindən qorunması ilə bağlıdır. Bu gün Azərbaycan Təhsil Şəbəkəsini ölkə miqyasında nadir mexanizmə çevirən ən mühüm cəhətlərdən biri görülən bütün tədbirlərin təhsil ekosisteminin mərkəzində duran və təhsil prosesinin benefisiarı olan təhsilalanların hərtərəfli formalaşmasına xidmət etməsidir. Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, beləliklə də şagirdlər onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunurlar.
Hazırda ümumtəhsil müəssisələrində şagirdlər Azərbaycan Təhsil Şəbəkəsinin onlayn süzgəcləmə imkanları sayəsində internetdən təhlükəsiz qaydada istifadə edə bilirlər. Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.
Azərbaycan Təhsil Şəbəkəsi digər funksiyaları ilə paralel mühüm sosial vəzifəni də uğurla yerinə yetirir – yetişməkdə olan nəslin nəinki təhsilli böyüməsinə, eləcə də hərtərəfli formalaşmasına və tərbiyəsinə mühüm töhfə vermiş olur.
Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılmış layihə hazırda ölkə üzrə 2800-dən çox təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 89 faizinə və pedaqoji heyətin 80 faizinə bərabərdir. Operatoru “AzEduNet” şirkəti olan Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Elm və təhsil 2019-05-22 14:44:00