×
A
A
A
Sazlamalar

“Azərxalça” ASC-nin Lənkəran filialında səkkiz aya 170 xalça toxunub REPORTAJ VİDEO

Lənkəran, 22 may, İsmayıl Cəfərli, AZƏRTAC
Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi var. Ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri fəaliyyət göstərir. Bu fabriklərdən biri də 2018-ci ildə Lənkəranda istifadəyə verilib. Müəssisəyə uzun illər xalçaçılıq sənətini yaşadan toxucularla yanaşı, gənclər də cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Azərxalça” ASC-nin Lənkəran filialında 112 toxucu çalışır. Ömrünün 25 ilini xalçaçılığa həsr edən Validə Əliyeva respublikamızın 20 bölgəsində müasir xalça fabriklərinin istifadəyə verilməsini bu sənətə göstərilən yüksək qayğının bariz göstəricisi hesab edir. Xalçaçılığın səbir, diqqət və dözümlülük tələb edən sənət olduğunu deyən xalça ustası xanımların bu sənətlə sevərək məşğul olduğunu bildirir. Fabrikdə usta vəzifəsində çalışan Validə Əliyeva xalçaçılıq sənətinin sirlərini gənc xanımlara böyük həvəslə öyrədir: “Hazırda fabrikdə qızlara kömək edib, onlara sənətin sirlərini öyrədirəm. Qızlarımız 25-30 günə 1, bəzən də 2 kvadratmetr xalça toxuyurlar”.
2018-ci il oktyabrın 15-də dövlətimizin başçısının iştirakı ilə “Azərxalça”nın Lənkəran filialının istifadəyə verilməsi xalçaçıların hədsiz sevincinə səbəb oldu. Müəssisənin kollektivi ilə görüşündə xalçaçılığın bizim milli sənətimiz, milli sərvətimiz olduğunu söyləyən Prezident İlham Əliyev Azərbaycan xalqının bu sənəti yaşatmaqla, nə qədər istedadlı olduğunu dünyaya göstərdiyini bəyan etdi. İndi fabriklərə cəlb olunan xanımlarımız tam əminliklə deyə bilərlər ki, dünyada Azərbaycan xalçalarının tanınmasına öz töhfələrini verirlər.
Toxucu İradə Əliyeva gənc qızların xalçaçılığın sirlərini daha tez mənimsədiklərini deyir: “Xalçaçılıq sənəti qədim sənətdir. Nənələrimizdən miras qalan xalçaçılıq sənətini davam etdiririk. Bu sənəti gənclərə öyrədirik ki, Lənkəran qız-gəlinlərin toxuduğu xalçalar dünya muzeylərinin bəzəyinə çevrilsin”.
“Azərxalça” ASC-nin Lənkəran filialında əsasən yerli xalçalarla yanaşı Qarabağ, Təbriz, Qazax və Gəncə xalçaları toxunur. Səkkiz ay bundan əvvəl 96 işçi ilə fəaliyyətə başlayan müəssisənin kollektivi indi daha da artıb. Filialın direktoru Nargilə Qəmbərova deyir ki, 8 ayda 170 xalça toxunub. Yəni 500 kvadratmetr xalça təhvil verilib. Bu xalçalar xarici dövlətlərə Azərbaycan brendi altında satılır.
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərxalça” ASC-nin yaradılmasından sonra ölkəmizin bir sıra rayonlarında cəmiyyətin filialları açıldı. Üç il müddətində istifadəyə verilən 20 filialda, ümumilikdə, 1700 toxucu çalışır. Növbəti illərdə daha 10 rayonda cəmiyyətin filiallarının tikintisi nəzərdə tutulub. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramı respublikamızda zəngin xalçaçılıq sənətimizi dirçəltməklə yanaşı, qeyri-neft sektorunun inkişafına da öz töhfəsini verəcək. Ən başlıcası, xalçaçılığın inkişafı qadınlar arasında işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Məqsəd bu sahədə 5 mindən çox insanı işlə təmin etməkdir.

Regionlar 2019-05-22 13:10:00

Video