×
A
A
A
Sazlamalar

Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı, 22 may, AZƏRTAC
Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə banklar mayın 27-dən iyunun 1-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət edəcək, 9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcək.
Bundan əlavə, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün MBNP tərəfindən istifadəyə verilmiş i-MAP informativ xəritədə "FinalBaku2019" başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər qeyd edilən tarixlərdə ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər. i-Map informativ xəritəyə keçid: https://www.fimsa.az/az/map
Final oyunu ərəfəsində MBNP-nin əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya problemlə bağlı vətəndaşlar və şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər. Koordinator: Rövşən Məmmədli; e-mail: [email protected]; “qaynar xətt”: +99450 8390782

Maliyyə 2019-05-22 12:48:00