×
A
A
A
Sazlamalar

“The Jakarta Post” qəzeti Ramazan ayının Azərbaycanda necə keçirilməsindən yazıb

Cakarta, 22 may, AZƏRTAC
“The Jakarta Post” qəzetinin mayın 21-də nəşr olunan buraxılışında Azərbaycanın orucluq adətləri mövzusunda müsahibə onlayn və çap versiyalarında dərc edilib.
AZƏRTAC xəbər verir ki, qəzetin müxbirinin suallarını cavablandıran Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov ölkəmizdə müqəddəs Ramazan ayında xalqımızın imsaq və iftar adətləri barədə ətraflı məlumat verib.
Müsahibədə Azərbaycan mətbəxinin zənginliyindən bəhs edilməklə yanaşı, ölkəmizin minillik tolerantlıq və multikulturalizm ənənələri barədə geniş məlumat verilib. Əhalisinin 95 faizdən çoxunu müsəlmanların təşkil etdiyi Azərbaycanda bütün dinlərə böyük hörmət bəslənildiyi, ölkədəki digər dini və etnik qrupların nümayəndələrinin birgə, sülh və əmin-amanlıq şəraitində yaşadığı qeyd edilib.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizmin dövlət siyasətinə çevrildiyi vurğulanıb. Azərbaycanın öz multikulturalizm və tolerantlıq modeli ilə dünyada nümunəyə çevrildiyi, bu məqsədlə ənənəvi olaraq təşkil edilən Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüsçüsü və ev sahibi olduğu diqqətə çatdırılıb.
Müsahibədə Azərbaycan mətbəxi nümunələrinin fotolarına da geniş yer verilib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Cəmiyyət 2019-05-22 12:45:00