×
A
A
A
Sazlamalar

® SOCAR AQŞ gənclərin karyera inkişafına dəstək göstərir

Mayın 11-də Bulvar oteldə SOCAR AQŞ ilə ABŞ-Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının (AAA) birgə əməkdaşlığı çərçivəsində karyera sərgisi keçirilib. 

Karyera sərgisinin keçirilməsində əsas məqsəd həm ölkəmizdə, həm də xaricdə təhsil almış və təcrübə qazanmış azərbaycanlı gənc peşəkarları bir araya gətirmək, müəssisədəki mövcud iş imkanları və uğurlu karyera yüksəlişinə nail olmaq haqqında məlumatlandırmaq idi.
SOCAR AQŞ-nin müxtəlif şöbələrindən qatılan müəssisə əməkdaşları tədbirdə iştirak edən 300-dək gənc peşəkar və dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş gənclərlə ünsiyyət qurub onları öz şöbələrindəki işlərlə bağlı məlumatlandırıblar.
Gənc peşəkarların karyera inkişafına dəstək olmaq üçün tədbirə Türkiyədən peşəkar təlimçi də dəvət olunub. “İş Kavramları Danışmanlık” şirkətinin yaradıcısı və rəhbəri Hasan Tahsin Güngör iştirakçılara uğurlu karyera qurmağın və şəxsi inkişafın əsasları haqqında danışıb.
Tədbirin açılışında iştirak edən SOCAR AQŞ-nin Təşkilati inkişaf bölməsi üzrə meneceri Mədinə Paşayeva sərgi iştirakçılarını salamlayaraq qeyd edib: “SOCAR AQŞ hər zaman gənc insan kapitalına dəyər verən və yeniliklərə açıq olan bir müəssisə olub. Son illərdə bizim həyata keçirdiyimiz layihələr də məhz gənc peşəkarların inkişafına həsr olunub. Bizim müəssisə Azərbaycanda dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunun Qlobal Startap Laboratoriyası layihəsinin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edib. Biz hər il təcrübə proqramı keçiririk və uğurlu təcrübəçilərə öz karyeralarını SOCAR AQŞ-də davam etdirmək şəraiti yaradırıq”.
AAA-nın sədri Toğrul Ələkbərov qeyd edib ki, assosiasiya olaraq belə bir layihənin təşkilatçısı olmaqdan qürur duyuruq: “Təşkilatımızın əsas məqsədlərindən biri Azərbaycanda insan kapitalı potensialının reallaşmasına dəstək olmaqdır. İnanırıq ki, bu səpkidə olan tədbirlərin keçirilməsi gənclərin həm öz sahələrindən olan peşəkarlarla görüşüb peşəkar əlaqələr qurması, həm də əmək bazarı ilə yaxından tanış olmaları üçün əhəmiyyətli fürsətdir”.
Tədbir zamanı iştirakçılara SOCAR AQŞ-nin peşəkarları tərəfindən hazırlanmış və müəssisə tərəfindən nəşr olunmuş “Karyera kitabçası” paylanılıb. Bu kitabçada iş axtarışı və iş müsahibəsi zamanı namizədlər üçün faydalı ola biləcək məlumat və məsləhətlər öz əksini tapıb.
SOCAR AQŞ daim universitetlərin karyera sərgilərində iştirak edərək tələbələrə müəssisədaxili iş imkanları haqqında məlumat verir. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləməsi üçün önəmli bir təşəbbüs idi.
SOCAR AQŞ gələcəkdə də bu cür layihələri həyata keçirib savadlı və istedadlı kadrların ölkəmizdə işləyərək yerli iqtisadiyyata töhfələr verməsi üçün şərait yaratmağa çalışacaq.

Elm və təhsil 2019-05-22 11:46:00