×
A
A
A
Sazlamalar

Azərbaycan-Sakit okean Alyansı əməkdaşlığının perspektivləri müzakirə olunub

Ölkəmizin Sakit okean Alyansına müşahidəçi qismində qoşulmasını təsdiq edən sənəd Azərbaycanın xarici işlər nazirinə təqdim edilib

Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın, Kolumbiyanın, Perunun və Çilinin ölkəmizdəki diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Azərbaycanın Sakit okean Alyansının (SOA) mayın 10-da Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının görüşündə müşahidəçi statusu almasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, adları çəkilən 4 üzv ölkəni, habelə qurumun 4 tərəfdaşı olan Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapuru, eləcə də 57 müşahidəçi ölkəni birləşdirən SOA-nın regional ticari əlaqələrin inkişafında mühüm platforma olduğunu bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklər ilə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.
Hazırda SOA-da sədrlik edən Perunun səfiri xanım Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qoşulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.
Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından bəhs edib və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.
Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və digər istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Siyasət 2019-05-22 11:12:00