×
A
A
A
Sazlamalar

“EaPeReg”ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib

Bakı, 22 may, AZƏRTAC

Şərq Tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi (Eastern Partnership Electronic Communications Regulators Network- “EaPeReg”) çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə “EaPeReg”ə üzv və məşvərətçi dövlətlərin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib. Azərbaycanı bu görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə fevralın 28-də Buxarestdə keçirilmiş rəqəmsal iqtisadiyyat üzrə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrinin üçüncü Nazirlər Toplantısının nəticələrinə əsasən, “EaPeReg” üzrə gələcək fəaliyyətə dair müzakirələr aparılıb. Danışıqlarda 2020-ci il üçün hədəflər müəyyən olunub.
Sonda “EaPeReg” üzrə fəaliyyəti hüquqi aspektdən təmin edən və onun iş qaydasını müəyyən edən anlaşma memorandumunun Azərbaycan tərəfindən imzalanma mərasimi keçirilib. Sözügedən anlaşma memorandumu “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdən Gürcüstan, Moldova, Ukrayna və Ermənistan tərəfindən 2012-ci ildə, Belarus tərəfindən isə 2016-cı ildə imzalanıb. Azərbaycan isə 2012-ci ildən “EaPeReg”in işində müşahidəçi qismində mütəmadi olaraq iştirak edib.
Nümayəndə heyəti səfər çərçivəsində, həmçinin mayın 15-də keçirilmiş “EaPeReg”in növbəti plenar sessiyasında iştirak edib. İclasda “EaPeReg” üzrə yaradılmış İşçi Qruplarının işinə dair hesabatların təqdim edilməsi, şəbəkənin gələcək işinin təşkili ilə bağlı müzakirələrlə yanaşı, 2020-ci il üçün şəbəkənin sədr və sədr müavini vəzifələrinə müvafiq olaraq, Polşa və Azərbaycanın namizədliyi elan olunub. Sədr və sədr müavini vəzifələrinə seçkilərin bu ilin noyabrında Riqada keçiriləcək “EaPeReg”in növbəti plenar sessiyasında təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində birgə əməkdaşlıq tədbirlərində fəal iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2012-ci ildən etibarən Şərq Tərəfdaşlığına üzv ölkələrin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin fəaliyyətində yaxından iştirak edir. “EaPeReg” qanunvericilik və genişzolaqlı xidmətlər, radiotezliklərin idarəçiliyi və beynəlxalq rouminq xidmətləri sahələri üzrə yaradılmış ekspert işçi qruplarının əsasında fəaliyyət göstərir.

İKT 2019-05-22 11:13:00