×
A
A
A
Sazlamalar

Lənkəran Dövlət Universiteti cənub bölgəsinin orta ümumtəhsil məktəbləri ilə əlaqələri genişləndirir

Lənkəran, 21 may, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universiteti (LDU) cənub bölgəsinin orta ümumtəhsil məktəbləri ilə əlaqələri genişləndirməkdə maraqlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Astara rayonunun Artupa kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə görüşü zamanı söyləyib.
Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” 2017-ci il 27 noyabr tarixli əmrinin LDU ilə orta ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyini deyən Natiq İbrahimov qarşılıqlı münasibətlərin hər iki tərəf üçün səmərəli olduğunu vurğulayıb.
Artupa kənd tam orta məktəbinin LDU-ya göstərdiyi marağı yüksək dəyərləndirən professor Natiq İbrahimov məktəbə himayədarlıq etməyə hazır olduqlarını bildirib.
Qeyd olunub ki, bundan sonra Artupa tam orta məktəbinin müəllim və şagirdləri universitetin zəngin kitabxanasından, fənn kabinələrindən, laboratoriyalarından, maddi-texniki bazasından təmənnasız istifadə edə biləcəklər.
Eyni zamanda, LDU-nun müəllimlərinin sözügedən məktəbdə nümunəvi dərslər keçməsi, birgə tədbirlərin təşkili qərara alınıb.
Natiq İbrahimov məktəbin müəllim və şagirdlərinə LDU-da aparılan son təhsil islahatları, tikilməkdə olan yeni yataqxana binası, tədris korpusları və s. barədə də ətraflı məlumat verib.
Görüşdə Astara rayonunun Artupa kənd tam orta məktəbinin direktoru Aynur Muradova, məktəbin müəllimləri Nadir Quliyev, Fazil Məmmədov, Rəfael Məmmədov çıxış edərək səmimi qəbula, diqqətə, himayədarlıq təşəbbüsünə görə LDU-nun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda məktəbin müəllim və şagirdlərinə universitetin xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Astara rayonundakı Artupa kənd tam orta məktəbinin müəllim və şagirdləri ikinci dəfədir ki, LDU-da olurlar.

Regionlar 2019-05-21 23:48:00