Bakıda qadınlara həsr olunmuş sərgi açılıb
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Eldar Qurbanovun "Amore Mio" adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açaraq onun açılışına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. X.Abdinov rəssamın həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, fırça ustasının ilk fərdi sərgisi 1987-ci ildə keçirilib. O, ABŞ, Çexiya, Fransa, Bolqarıstan, Polşa, Suriya, Meksika və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə də iştirak edib. E.Qurbanov 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülüb.
Ekspozisiyaya daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömar Eldarov sərginin böyük uğur qazanacağına əmin olduğunu bildirib. O deyib: “Eldar Qurbanov "Amore Mio" sərgisi üçün qadınların təsvir olunduğu gözəl əsərlər yaradıb. Bu tablolar həm də ona görə gözəldir ki, qadın dünyasına dərindən nüfuz edir. Sərginin adının özü zərif cinsin nümayəndələrinə bəslənilən sevgidən və məftunluq hisslərindən xəbər verir”.
Sonra sərgiyə gələnlər avanqard janrında yaradılmış 20-dən çox tablodan ibarət ekspozisiya və bir videoişlə tanış olublar. Sərginin kuratorları Samirə Səfi və Lana Sokolovadır.
Sərgi mayın 22-dək davam edəcək.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir