×
A
A
A
Sazlamalar

Özbəkistanın Şərqşünaslıq İnstitutunda azərbaycanlı müəlliflərə aid əlyazmalar saxlanılır

Bakı, 21 may, AZƏRTAC 

Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və Mərkəzin direktoru Samir Abbasovun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistanın Daşkənd şəhərində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda araşdırmalar aparan Kərimulla Məmmədzadə Azərbaycana aid çoxsaylı əlyazma irsi haqqında məlumat toplayıb.
Araşdırmalar zamanı məlum olub ki, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda azərbaycanlı müəlliflərə aid 230-dan çox əlyazma saxlanılır. İnstitutun əlyazma fondunda dahi Azərbaycan şairləri Nizami Gəncəviyə aid 57, Məhəmməd Füzuliyə aid 109, Xaqani Şirvaniyə aid 6, İmadəddin Nəsimiyə aid 4, Şah İsmayıl Xətaiyə aid 4 əlyazma nüsxəsi qorunur. Bundan başqa, azərbaycanlı müəlliflərdən Xacə Əli Həkim Təbrizi, Şəms Təbrizi, Mirəli Təbrizi, Kəmaləddin Şirvani və Xund Yusif Qarabağinin müxtəlif mövzulu əsərlərinin əlyazma nüsxələri də institutda mühafizə olunur.
Kərimulla Məmmədzadə tərəfindən aparılan bu ilkin araşdırmalar Azərbaycanın Daşkəndin Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan maddi-mədəni yazılı irsinin fundamental tədqiqi sahəsində atılan uğurlu addımlardan biridir.

Elm və təhsil 2019-05-21 18:43:00