×
A
A
A
Sazlamalar

Rusiya Elmlər Akademiyasının prezidenti Seysmoloji Xidmət Mərkəzində olub

Bakı, 21 may, AZƏRTAC

Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, hazırda respublika ərazisində mərkəzin 35 daimi peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi fəaliyyət göstərir və həmin stansiyalar vasitəsilə alınan məlumatlar "real vaxt" rejimində Monitorinq Mərkəzinə ötürülərək emal edilir. O da vurğulanıb ki, seysmik stansiyalar vasitəsilə ən zəif təkanlar da qeydə alınır və bu məlumatlar aparılan elmi tədqiqatlarda istifadə edilir.
Həmçinin RSXM-nin respublika ərazisində 24 GPS stansiyası, 6 geofiziki, 5 geokimyəvi stansiyaları da fəaliyyət göstərir ki, bu da mərkəzdə kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparılmasına imkan verir.
Görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Azərbaycan ərazisində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev mərkəzdə görülən işləri yüksək qiymətləndirərək, Azərbaycanda aparılan seysmoloji tədqiqatlar zamanı yaxşı nəticələr əldə olunduğunu qeyd edib. O, bu sahədə Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, bunun hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Ekologiya 2019-05-21 18:18:00