×
A
A
A
Sazlamalar

Azərbaycanda milli dəyərlər, tolerantlıq ölkə həyatının güzgüsüdür

Bakı, 21 may, Məmməd Məmmədli, AZƏRTAC

Hər bir xalqı, ilk növbədə dünyada tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. Zaman ötdükcə ölkəmiz dilimizin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanması, multikultural ənənələrin, milli və dini tolerantlığın, dözümlülüyün, çox qədim bir tarixə malik olan mədəniyyət abidələrinin qorunması, dini məbədlərin bərpa olunması sahəsində böyük layihələr həyata keçirir. Çünki ölkə həyatının digər mühüm sahələri kimi, indicə qeyd etdiyimiz məsələlər də dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. Bu səbəbdən də dövlətçiliyimiz üçün mühüm olan və xalqımızın taleyində böyük əhəmiyyət kəsb edən digər məsələlərin, milli-mənəvi dəyərlərimizin inkişafının yeni ənənələrlə zənginləşməsi, dünyada tanıdılması və təbliği sahəsində də böyük işlər görülür.
Əslində multikulturalizm tolerantlığın, yəni dini dözümlülüyün parlaq təcəssümüdür. Bu termin xalqların bir-birinə yaxınlaşması, mədəni müxtəlifliklərinin qorunması, ehtiramla qəbul edilməsi, əlaqələrinin möhkəmlənməsi kimi də başa düşülür. Təbii ki, son dərəcə incə, həssas olan bu münasibətlər demokratik prinsiplərlə yaşayan ölkələrdə humanizmə, bəşəri amal və duyğulara malik olan xalqların bir-birinə münasibətində daha aydın şəkildə əks olunur.
Tolerantlıq özünün ehtiva etdiyi mənası – digər inanc və əqidələrə dözümlü yanaşılması ilə Azərbaycanda uzun zamanlardan bəri mövcuddur. Milli dəyərlərimizin, əxlaqımızın bir ifadəsi kimi tolerantlıq ta qədimlərdən xalqımızın həyat tərzinə çevrilmişdir. Belə ki, minilliklər boyu xalqımız Azərbaycanda məskunlaşmış digər xalqların nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamışdır. Bütün bunları tarixi faktlar, hadisələr də bütün aydınlığı ilə əks etdirir.
Burada tarixi sənəd və faktlara əsasən xatırlatmaq lazımdır ki, ölkəmizdə müstəqilliyimizin bərpasından sonra digər sahələrdə olduğu kimi, milli-dini dözümlülüyün, tolerantlığın daha yeni ənənələrlə inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur. Belə ki Cümhuriyyət dövründə Azərbaycanda yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış ötən əsrin sonlarından başlayaraq Yeni Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir”. Son dövrdə tolerantlığın, milli dözümlülüyün, dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafında və təbliğində Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır.
Xatırladaq ki, 26 noyabr 2015-ci ildə Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası keçirilib. Sessiyada Prezident İlham Əliyevin çıxışı bu gün özünün ideyası, dünyəvi mahiyyət kəsb etməsi ilə yadda qalıb. Ölkə başçısı deyib: Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
Bildiyimiz kimi, elə həmin ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub. Bu və digər layihələr yeni ideya, proqramlar çərçivəsində bu gün də davam etdirilir. Bu, ölkəmizin başqa dövlətlərlə əlaqəsində, dostluq və qarşılıqlı anlaşmaların yaranması, münasibətlərin humanizmə söykənməsində mühüm əhəmiyyət kəsb edir. 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikanda keçirdiyi bir sıra görüşləri də bu əlaqələrin möhkəmlənməsinin bir göstəricisidir. Belə görüşlərin birində Mehriban Əliyeva yenidən Müqəddəs Taxt-Taca gəlməsindən məmnunluğunu bildirib və Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışıb və onu da qeyd edib ki: “Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır... ”
Birinci vitse-prezidentin qeyd etdiyi kimi, dövlətimizin mədəni müxtəlifliyə, dini əqidəmizə, ənənələrimizə, tariximizə bağlılığının nəticəsidir ki, Azərbaycan bu gün regionda inkişaf etmiş ölkə kimi tanınır.
Azərbaycanın iqtisadi, mədəni səviyyəsi yüksəldikcə inkişaf etmiş dünya dövlətlərinin ölkəmizə marağı da gündən-günə artır. Multikulturalizmin, milli-dini tolerantlığın inkişaf etdirilməsi, dünya cəmiyyətində humanizmə böyük rəğbətlə, işgüzarlıqla yanaşılmasında, sülhün, əmin-amanlığın qorunmasında Azərbaycan dövləti maraqlıdır və o, demokratik dövlətlərlə münasibətində məhz bu prinsipi rəhbər tutur.

Mədəniyyət 2019-05-21 17:59:00