×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 21 may, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Rusiya Federasiyasına səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanasında olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Ceyhun Məmmədova kitabxana haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada Azərbaycan dilində 55 min kitab saxlanılır. Kitablar arasında böyük Azərbaycan alimi Mirməhəmməd Kərim Mircəfər əl-Bakuvinin Hacı Zeynalabdin Tağıyev tərəfindən nəşr etdirilmiş “Kəşfül-həqayiq” kitabı, həmçinin “Molla Nəsrəddin” jurnalı və “Əkinçi” qəzetlərinin orijinal nüsxələri və digər qiymətli əsərlər saxlanılır.
Rektor Ceyhun Məmmədov Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda olub, bu elmi müəssisənin direktoru İrina Popova və tanınmış rusiyalı islamşünas alim Stanislav Prozorovla görüşüb.
Görüş zamanı İrina Popova ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, institutun Azərbaycanın elmi müəssisələri ilə sıx əlaqələr qurduğunu diqqətə çatdırıb. Aİİ ilə əməkdaşlığın, birgə fəaliyyətin faydalı olacağını deyib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında ikitərəfli münasibətlərin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu söyləyib və daha da inkişaf edəcəyinə əminliyini bildirib. Aİİ haqqında ətraflı məlumat verən rektor ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşdə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tədris metodu üzrə elmi məlumatların qarşılıqlı surətdə ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin paylaşılması, elmi-tədqiqat proqramları, layihələrin birgə təşkili və digər məsələlər müzakirə olunub.

Elm və təhsil 2019-05-21 17:29:00