×
A
A
A
Sazlamalar

İdman jurnalistikası magistr proqramına müraciət üçün qeydiyyat davam edir

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilisdilli idman jurnalistikası magistr proqramına 2019-2020-ci akademik dərs ili üçün qeydiyyat davam edir.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, idman jurnalistikası magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Proqrama maraq nəzərə alınaraq, magistr imtahanının birinci mərhələsindən minimum 30 bal toplayan və ingilis dili bilikləri yüksək olan namizədlər iyunun 1-dək idman jurnalistikası magistr proqramına qəbul üçün müraciət edə bilərlər. Bunun üçün namizədlərdən onlayn qeydiyyat formasını (https://bit.ly/2IwlPWL) doldurmaq tələb olunur.
Magistr proqramına qəbul imtahanın ikinci mərhələsi Akademiya tərəfindən müsahibə formatında həyata keçiriləcək.
Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən ingilis dilində həyata keçirilir.
Bu ixtisasa qəbul olan namizədlər xüsusi yaradılan Multimedia Mərkəzində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanırlar.
İdman jurnalistikası ixtisasına qəbul olunan magistrlər proqram çərçivəsində Böyük Britaniyaya səfər etmək, BBC kimi nüfuzlu media orqanında təcrübə mübadiləsində iştirak etmək, əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçmək imkanı qazanırlar.
Əlavə məlumatı https://www.facebook.com/asapesmedia səhifəsindən öyrənmək mümkündür.

Sosial 2019-05-21 16:41:00