×
A
A
A
Sazlamalar

AQTA əməkdaşları Gəncədə sahibkarlarla görüşüb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində agentliyin əməkdaşları növbəti dəfə Gəncədə sahibkarlarla görüşüblər.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Gəncə və ətraf rayonlardan olan 100-ə yaxın sahibkar iştirak edib. Agentliyin əməkdaşları onlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat veriblər.
Tədbirdə qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb. Həmçinin müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi tədbir iştirakçıların diqqətinə çatdırılıb.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Sosial 2019-05-21 16:33:00