×
A
A
A
Sazlamalar

Milli Azərbaycan Tarixi Muzeyində Sara Tağıyevanın 120 illiyi qeyd olunub

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın anadan olmasının 120 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Sara Tağıyevanın keşməkeşli, eyni zamanda, şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini söyləyib.
MATM-ın elmi katibi, dosent Fərhad Cabbarov Sara Tağıyevanın atası Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətinin tanıdılmasında rolu və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında məlumat verib.
Tədbirdə çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Hacı Zeynalabdin Tağıyevin böyük mesenat olduğunu deyib. Vurğulayıb ki, “Kaspi” qəzetinin milliləşdirilərək nəşr etdirilməsində Hacı Zeynalabdin Tağıyevin müstəsna xidmətləri olub. Qəzet ictimai şüurun, milli təfəkkürün inkişafında mühüm rol oynayıb.
Sona Vəliyeva, həmçinin Hacı Zeynalabdin Tağıyevin geniş xeyriyyəçilik fəaliyyəti göstərdiyini, maarifçiliyin inkişafına daim böyük dəstək verdiyini qeyd edib. Məşhur xeyriyyəçinin qızı Sara Tağıyevanın anadan olmasının 120 illiyinə həsr edilən tədbirin əhəmiyyətini vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova Sara Tağıyevanın keçdiyi ömür yolu ilə bağlı fikirlərini bölüşüb.
Kinorejissor Ayaz Salayev, Xəzər rayonu H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbin direktor müavini Gülnarə Əzimova, tədqiqatçı Fuad Axundov, Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə və digər çıxış edənlər də Sara Tağıyevanın xidmətlərindən danışıblar.
Sonra Sara Tağıyeva haqqında televiziya filmindən fraqmentlər nümayiş etdirilib. Muzeyin nəzdindəki “Hacı Zeynalabdin Tağıyev klubu”nun üzvlərinin ifasında Teyyub Qurbanlının “Sara” poeması əsasında ədəbi-bədii kompozisiya göstərilib. Klubun üzvlərinə sertifikatlar təqdim olunub.

Elm və təhsil 2019-05-21 16:38:00