×
A
A
A
Sazlamalar

Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər

Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 21-də Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə Sumqayıt şəhəri, Quba, Qusar, Abşeron, Siyəzən, Xızı, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən vəkillər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 100-ə yaxın vəkilin qatıldığı seminar Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının birgə təşkilatçılığı ilə keçirilib.
Seminarı açan Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Sumqayıtda ilk regional vəkil qurumunun - Sumqayıt Regional Vəkil Bürosunun fəaliyyətə başlamasını istər vəkillik təsisatının, istərsə də Sumqayıt şəhərinin tarixində ilk olduğunu deyib, vəkillik tarixində önəmli hadisə kimi dəyərləndirib.
Anar Bağırov “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Fərmanın xüsusilə vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınmasında, habelə "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın tarixi əhəmiyyəti, eləcə də vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə danışıb.
Habelə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydasından bəhs edən A.Bağırov, Cəmiyyətin məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini diqqətə çatdırıb.
Natiq son dövrlər vəkillik etikası kimi mövzuların vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından aktuallığını qeyd edib.
Seminarda Sumqayıt Apellyasiya məhkəməsinin sədri Səadət Bektaşi, Əməkdar hüquqşünas, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və digərləri çıxış ediblər.
İnteraktiv formatda keçirilən seminarda məruzəçi qismində GİZ-in peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü doktor Rudolf Laudanın təqdimat-mühazirəsi dinlənilib.
Seminarda Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-05-21 16:40:00