×
A
A
A
Sazlamalar

Dövlət Uşaq Filarmoniyasının təmir və yenidənqurma işlərindən sonra açılışı olub

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılışda iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Uşaq Filarmoniyasının fəaliyyətindən danışıb.
Uşaq Filarmoniyasının açılışını ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirən nazir təəssüratlarını bölüşərək deyib: “Nəhayət uzun illərdən sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışını edirik. Azərbaycan Dövlət Filarmoniyası 1991-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın müxtəlif mədəniyyət kollektivində çalışan adlı-sanlı sənətkarların bir çoxu bu mədəniyyət ocağının yetirməsidir. Dövlət Uşaq Filarmoniyası bizim təhsil sisteminin ayrılmaz bir hissəsidir. Burada təhsil alan uşaqlar bir neçə istiqamət üzrə özlərini formalaşdırıb inkişaf etdirilər. Hazırda burada 500-dək uşaq təhsil alır. Bu ocaqda həm rəqs, həm rəssamlıq, həm də digər sənət növləri tədris edilir. Dövlət Uşaq Filarmoniyasında iki məşhur orkestr – Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Düşünürəm ki, burada təhsil alan uşaqlar ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə bu işin gerçəkləşməsində bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva çıxış edərək rəhbəri olduğu qurum haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın, şairlərimizin əsərlərini gənc nəsillər tərəfindən qoruyub saxlamaq Filarmoniyanın əsas məqsədidir. Burada geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli-mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir.
İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir.
Tədbir konsert proqramı ilə davam edib.

Mədəniyyət 2019-05-21 16:09:00