×
A
A
A
Sazlamalar

Təkrar böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

Bakı, 21 may, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı Anar Quliyev üzərində unikal təkrari böyrəkköçürmə əməliyyatı aparılıb. Donor xəstənin həyat yoldaşı olub.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, xəstəyə 2 il əvvəl digər tibb mərkəzində böyrək köçürülsə də, təəssüf ki, lazımi səmərəni verməyib. Bir il sonra isə həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb. Bundan sonra təkrar böyrək transplantasiyası əməliyyatı üçün onu Respublika Müalicəvi Diaqnostika Mərkəzinə göndəriblər.
Cərrahın bildirdiyinə görə, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub: “Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, ona görə də böyrəyi sol qalça çuxuruna köçürdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün bunlara baxmayaraq, əməliyyat uğurla keçdi”.
Əməliyyatdan sonra köçürülən böyrək tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır.

Səhiyyə 2019-05-21 15:26:00