×
A
A
A
Sazlamalar

TOPs proqramı çərçivəsində idman festivalı

Bakı, 21 may, AZƏRTAC 

“TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə idman festivalı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda məktəblilər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, şən startlarda güclərini sınayıb, musiqili əyləncəli proqramlarla çıxış ediblər.
Tədbirdə tərəfdaş qurumların nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər iştirak ediblər.
Qeyd edək ki, Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf naminə idman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.
2014-cü ildən həyata keçirilən layihəyə cari tədris ilindən 100 ümumi təhsil müəssisəsi qoşulub. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblərin ümumi sayı 250-yə çatdırılıb. 2018-2019-cu tədris ilində layihəyə cəlb olunan məktəblərdən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.

Elm və təhsil 2019-05-21 14:29:00