×
A
A
A
Sazlamalar

“Kamilliyə aparan yol” kulturoloji ustad dərsi təşkil olunub

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Mədəniyyət Assosiasiyası və “Simurq” Kulturologiya Mərkəzi tərəfindən “Kulturologiya və davamlı inkişaf” layihəsi çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Kamilliyə aparan yol” mövzusunda kulturoloji ustad dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, dərsin məqsədi mütəxəssislər və gənclərin sistemli kulturoloji təfəkkürü və intellektual yaradıcı fəaliyyətlərinin inkişafına, yeni universal biliklərin, kulturoloji metodologiya, tədqiqat, tədris və idarəçilik metodlarının mənimsənməsinə kömək göstərməkdən ibarətdir.
Ustad dərsində Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) sədri, Əməkdar mədəniyyət işçisi Cəmilə Səttarova və qurumun əməkdaşları iştirak edib.
Ustad dərsi çərçivəsində hazırlanmış təqdimat, mədəniyyət və kulturologiya, etika və psixologiya, təfəkkür və davranış, əmək və idarəetmə mədəniyyəti anlayışlarını açıqlayan, şəxsiyyətin kamilləşmə, düzgün qərar qəbuletmə, nəticəli dialoq aparmağa və zamanın çağırışlarına ağıllı cavab vermək qabiliyyətini formalaşdıran 60-dan çox slaydlardan ibarətdir. Özünüidarə dərsi universal biliklər və təcrübə, xeyirxahlıqlar və müdriklik, səmərəli əmək texnologiyaları, düzgün tərbiyə, layiqli davranış, yüksək təşkiletmə və idarəetmə, insan və beynəlxalq münasibətlər mədəniyyəti ilə şərtlənən uğurlu həyat və fəaliyyətin sirlərini açıqlayır.
Dərsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, Mədəniyyət Assosiasiyasının və “Simurq” Kulturologiya mərkəzinin rəhbəri Fuad Məmmədov keçib.
Sonda “Simurq” Kulturologiya mərkəzinin rəhbəri F.Məmmədov MİHİ RK-ın sədri Cəmilə Səttarovaya və qurumun on fəal əməkdaşına sertifikatlar təqdim edib.

Mədəniyyət 2019-05-21 14:04:00