×
A
A
A
Sazlamalar

“DOST” mərkəzinin onlayn xidmətlər bazası genişləndirilir

Bakı, 21 may, AZƏRTAC

DOST konsepsiyası təkcə “DOST” mərkəzlərinə əyani müraciət edənlərə deyil, həmçinin müxtəlif kateqoriyalı imtiyazlı şəxslərə səyyar xidmətlərin göstərilməsini nəzərdə tutur. Eyni zamanda, “DOST” mərkəzinin onlayn xidmətlər bazası da mütəmadi olaraq genişləndiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, DOST konsepsiyası üzrə yol xəritəsində “DOST” mərkəzlərində göstəriləcək 126 xidmətin 91-nin elektronlaşması nəzərdə tutulub. DOST layihəsinin icrasına başlanıldığı ötən 9 ayda bu xidmətlərdən 20-dən çoxu elektronlaşdırılıb. Növbəti iki ildə digərlərinin də elektronlaşdırılması təmin olunacaq, nəticədə onlayn platformada geniş DOST xidmətləri sistemi qurulacaq.
Onu da bildirək ki, gələn ildən respublikamızın regionlarında da “DOST” mərkəzləri şəbəkəsinin qurulmasına başlanacaq.

Sosial 2019-05-21 13:24:00