×
A
A
A
Sazlamalar

“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub

Bakı, 21 may, AZƏRTAC 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Lənkəran Sərhəd Dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən əvvəl yarış iştirakçıları Ümummilli Liderin Lənkəran şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən müasir standartlar səviyyəsində mühafizə etməyə qadir olan quruma çevrildiyini qürur hissi ilə vurğulayıblar.
DSX-nin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, mənəvi və fiziki cəhətdən sağlam gənclərimizin yetişdirilməsində, onlarda Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında və sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi qeyd edilib.
Üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarına bu il respublikamızın 36 rayonunun 207 məktəbindən 1035 şagird qatılıb. İlk iki mərhələnin yekunlarına görə 10 komanda - Naxçıvan şəhərinin 9 nömrəli, Astara şəhərinin 2 nömrəli, Mingəçevir şəhərinin İ.Qayıbov adına 10 nömrəli, Siyəzən şəhərinin 1 nömrəli, Beyləqan rayonunun Arza qəsəbəsinin F.Miriyev adına, Cəlilabad rayonunun Ləkin, Xaçmaz rayonunun Gödəkli, Oğuz rayonunun Muxas, Zaqatala rayonunun Muğanlı, Şəmkir rayonunun Çaparlı kəndlərinin tam orta məktəblərinin komandaları finala vəsiqə qazanıblar.
“Sərhəd” hərbi-idman oyununun final mərhələsində komandalar “Sərhəd pozucusunun yaxalanması və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçiriləcək.

Sosial 2019-05-21 13:14:00