×
A
A
A
Sazlamalar

DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir

Bakı, 21 may, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST) idman, siyasət və ictimai fəaliyyət sahələrindən dörd yeni xoşməramlı səfirin təyin olunmasını elan edib. Onlar dünyada sağlamlığın möhkəmləndirilməsi, səhiyyənin əmək resurslarının inkişafı və psixi sağlamlığın mühafizəsi məsələlərinə öz töhfələrini verəcəklər.
AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, yeni xoşməramlı səfirlər bunlardır: Braziliyanın futbol üzrə yığmasının və “Liverpul” klubunun qapıçısı Alison Beker və həkim, səhiyyə sahəsində fəal doktor Nataliya Beker - DST-nin sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə yeni xoşməramlı səfirləri; qızı Ledi Qaqa ilə birgə təsis etdiyi “Born This Way” (“Bu cür doğulublar”) Fondunun prezidenti Sintiya Cermanotta - DST-nin psixi sağlamlıq problemləri üzrə yeni xoşməramlı səfiri;, Liberiyanın sabiq prezidenti Elen Conson-Serlif səhiyyənin əmək resurslarının inkişafı məsələləri üzrə DST-nin xoşməramlı səfiri.
DST-nin baş direktoru, doktor Tedros Adhanom Gebreyesus yeni təyinatları Dünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən 72-ci sessiyasının açılışındakı çıxışı zamanı elan edib. O deyib: “Mən xanım Prezident Elen Conson-Serlifi, Sintiya Cermanottanı, Alison Bekeri və Nataliya Leve Bekeri DST-nin yeni xoşməramlı səfirləri qismində salamlayır və gələcəkdə onlarla əməkdaşlığa ümid bəsləyirəm. Yeni səfirlərimizin hər biri istər cəmiyyətin bərpasına və davamlı inkişafına kömək, istərsə də psixi sağlamlığının möhkəmləndirilməsində və ya sağlam həyat tərzinin təbliğində şəxsi nümunə kimi öz sahəsində fəaldır”.

Səhiyyə 2019-05-21 13:13:00