×
A
A
A
Sazlamalar

“Səngəçal” Elektrik Stansiyasında itirilmiş 62 meqavat güc bərpa edilib

Bakı, 21 may, AZƏRTAC
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında (ES) da itirilmiş gücün bərpa olunması istiqamətində işləri davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” ES-də mövcud 18 aqreqatdan 4-ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 meqavat itirilmiş güc bərpa olunub.
Eyni zamanda, işləməyən 4 aqreqatdan 1-i yenisi ilə əvəz edilib, digərinin isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub. Həmin 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 meqavat itirilmiş güc bərpa olunub. Bununla da, “Reabilitasiya Proqramı” çərçivəsində “Səngəçal” ES üzrə itirilmiş gücün bərpası 62 meqavata çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat itirilmiş güc bərpa olunacaq və nəticədə, Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlılığı üçün daha bir addım atılmış olacaq.
“Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası başda olmaqla əksər istilik, su və kiçik elektrik stansiyalarında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

Energetika 2019-05-21 13:06:00