×
A
A
A
Sazlamalar

Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan danışıb

Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Ombudsmanların Koordinasiya Şurasının “Vətəndaşların əmək hüquqlarının müdafiəsi” mövzusuna həsr olunmuş iclasında iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, hökumət üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar.
Ombudsmanın nümayəndəsi tədbirdə məruzə ilə çıxış edərək ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar, neft, son illərdə isə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığının inkişafı, habelə regionların inkişafı üzrə Dövlət Proqramının və milli məşğulluq strategiyasının icrası nəticəsində əhalinin rifah halının əhəmiyyətli şəkildə yüksəldiyini bildirib. Qeyd edilib ki, yeni iş yerləri davamlı inkişafa, insan hüquq və azadlıqlarının səmərəli təmininə zəmin yaradıb. Müvəkkilin əhalinin müxtəlif kateqoriyalarının əmək hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti qaçqın, məcburi köçkün və miqrantların, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial problemlərinin həllinə, onların maraqlarının təmini istiqamətində dəstək tədbirlərinin artırılmasına və bu məqsədlə tərəfdaşlığın gücləndirilməsinə xidmət edib.
Turan Cahangirova ölkəmizdə qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox şəxsin müvəqqəti yerləşdirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, həmçinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, müntəzəm qaydada bu sahədə çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təsisat tərəfindən hazırlanmış xüsusi tədris vəsaitləri əsasında keçirilən təlimlər vasitəsilə bacarıqlarının artırılması, hüquqpozmaların qarşısının alınması, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirilməsi istiqamətində sistemli tədbirlərin görüldüyü və monitorinqlərin keçirildiyi bildirilib.
Məruzədə, həmçinin vətəndaşların əmək hüquqlarının səmərəli təmini ilə əlaqədar Müvəkkil tərəfindən təklif və tövsiyələr verildiyi, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığı, dövlət qurumları ilə yanaşı xarici həmkarları ilə əməkdaşlıq çərçivəsində bir çox problemlərin həllinə nail olunduğu, insanların Müvəkkilə öz müraciətlərini təqdim etmələri üçün geniş imkanların yaradıldığı vurğulanıb, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tətbiq etdiyi çoxsaylı müsbət təcrübələr barədə məlumat verilib.
Şuranın iclasında çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda insan hüquqlarının təmini və təşviqi, habelə Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatı maraqla qarşılayıblar.
Müvəkkilin nümayəndəsi, həmçinin Rusiya Ombudsmanının təşkilatçılığı ilə keçirilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması prosedurlarının təkmilləşdirilməsi üzrə seminarda da iştirak edib.

Sosial 2019-05-21 12:57:00