×
A
A
A
Sazlamalar

Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur

Bakı, 21 may, AZƏRTAC
Ölkəmizdə regionların sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir. Dövlətimizin başçısı hələ 2003-cü ildə prezident seçiləndə açıqlamışdı ki, Azərbaycanın regionları ilə mərkəz arasındakı fərq aradan qaldırılmalıdır. Yəni, ölkəmizin inkişafı üçün regionların inkişaf etdirilməsi vacib məsələ idi. Bu məqsədlə 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlanıldı. Artıq 3 Dövlət proqramı uğurla reallaşdırılıb. Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, icra olunmuş Dövlət proqramları Azərbaycanın regionlarını böyük inkişafına gətirib çıxarıb: “Yəni, 2003-cü ildə ölkədə işsizlik 50 faizdən çox idisə, 2018-ci ilin sonunda 5 faiz olub. Qazlaşma 50 faizdən 95 faizə, içməli su təminatı 28 faizdən 70 faizə qalxıb. 3200-dən çox təhsil müəssisəsi, 640-dan çox tibb müəssisəsi yenidən qurulub, 44 olimpiya kompleksi, 15000 kilometrdən çox avtomobil yolları yenidən tikilərək istifadəyə verilib. Regionların elektrik enerjisi ilə təminatı kifayət qədər yaxşılaşıb, istehsal olunan elektrik enerjisini özümüzü təmin etməklə yanaşı, xaricə də ixrac edirik. Ölkədə rabitə və poçt xidmətləri müasirləşib, internet istifadəçilərinin sayı 80 faizi keçib, elektron hökumətin yaradılması prosesi başa çatıb. Regionların sosial infrastrukturu əsaslı şəkildə müasirləşib. Bu da regionlarda sahibkarlığın inkişafına öz töhfəsini verir. Son 15 ildə Azərbaycanda 100 mindən çox müəssisə istifadəyə verilib və bu müəssisələrin böyük hissəsi məhz regionlarda yerləşir”.
Sənayenin inkişafına dair Dövlət proqramının icrası nəticəsində ölkəmizin regionlarında sənayeləşmə prosesinin də geniş vüsət aldığını bildirən A.Badamov bildirib ki, regionlarda sənaye məhəllələri tikilir. Hər bir sənaye məhəlləsi 10-dan çox müəssisəni özündə birləşdirməklə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir. “Neftçalada, Masallıda belə sənaye məhəllələri artıq fəaliyyətdədir. Sənaye məhəllələrinin yaradılması ölkəmiz üçün yeni sahə olan avtomobil sənayesinin inkişafına da təkan verib. Mingəçevirdə açılışı olmuş yüngül sənaye parkında isə 2 rezident fəaliyyətə başlayıb və burada 5 rezidentin fəaliyyət göstərəcəyi planlaşdırılır. Bu isə parkda 5000 yeni iş yerinin açılmasına gətirib çıxaracaq. Gəncədə alüminium və ağır sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da ölkəmizin ixrac qabiliyyətinin artmasına öz töhfəsini verir. Xalçaçılığın inkişaf etdirilməsi sahəsində də böyük layihələr həyata keçirilir, regionlarda xalça və yun emalı müəssisələri açılır. Bir sözlə, Azərbaycanın tarixini özündə yaşadan qədim xalça sənətinə yeni nəfəs verilir”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, aqrar sahənin inkişafı da prioritet istiqamətdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət proqramları qəbul olunub, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına yeni təkan verilib. Regionlarda aqroparkların açılması prosesi sürətlənib, istehsal-logistika-marketinq-istehlak zəncirini özündə birləşdirən yeni müəssisələr açılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə 4 iri su anbarı tikilərək istifadəyə verilib, 100 minlərlə yeni torpaqlar dövriyyəyə qaytarılıb, əkin sahələrinin həcmi genişləndirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi sayəsində ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə özünü təminetmə səviyyəsi 90-100 faizə çatıb, qeyri-neft ixracında kənd təsərrüfatının payı artıb. Ümumiyyətlə, son 15 ildə kənd təsərrüfatı 1,7 dəfə, kənd təsərrüfatının ixracı isə 6 dəfədən çox artıb.
Regionların sosial infrastrukturun müasirləşməsi ölkədə turizmin inkişafına da öz təsirini göstərib. Bu barədə danışan A.Badamov bildirib ki, ölkəmizin 11 iqlim növündən 9-a malik olması və regionlarda yaradılmış müasir infrastruktur turizm sənayesinin inkişafını sürətləndirib. Altı beynəlxalq aeroportun istifadəyə verilməsi, ölkəmiz üçün yeni olan Qusar və Qəbələ qış-yay turizm komplekslərinin açılması, hər bir regionun turizm potensialının reallaşdırılması imkanlarının genişlənməsi bölgələrdə yeni turizm müəssisələrinin meydana gəlməsinə əlverişli şərait yaradıb.
Milli Məclisin deputatı deyib: “Ümumiyyətlə, indiyədək icra olunmuş regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı Azərbaycanın regionlarına yeni nəfəs verib, ölkədə deurbanizasiya prosesi başlayıb və bütövlükdə respublikamızı inkişafın yeni mərhələsinə çıxarıb. Artıq 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət proqramı təsdiqlənib. Dördüncü Dövlət proqramının icrası nəticəsində regionlar müasir dövrün çağırışlarına uyğun inkişaf edəcək, iqtisadiyyatın qeyri-neft sektorunda bölgələrin payı artacaq və regionlarda ixtisaslaşmış müəssisələr istifadəyə verilməklə ölkəmizin ixrac potensialı yüksələcək. Eyni zamanda, regionlarda işsizlik problemi əsaslı şəkildə həll olunacaq və əhalinin sosial rifahı daha da yaxşılaşacaq”.

Regionlar 2019-05-21 12:51:00