×
A
A
A
Sazlamalar

“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın son tirajı keçirilib

Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı cəmiyyətdə rəqəmsal ödənişlərə ictimai marağın artırılması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə cari ilin fevral, mart və aprel ayları ərzində bütün əhali təbəqələrini əhatə edən "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyanın sonuncu tirajını təşkil edib.
Bankdan AZƏRTAC-a bildirilib ki, lotereya "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" və "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilib.
Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edib. Lotereya dövründə uduş məbləği 50 manat olmaqla ümumi ölkə üzrə 1800 şəxs qalib olub.
Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və tələbə kartları iştirak edib və qaliblər lotereya tirajı oynanıldıqdan qısa müddət sonra SMS alaraq məlumatlandırılıblar.
Əhalinin diqqətinə çatdırmaq üçün lotereya kütləvi informasiya vasitələrinin bütün mümkün kanalları ilə kommunikasiya olunub, eyni zamanda, Mərkəzi Bankın və kommersiya banklarının sosial şəbəkə səhifələri vasitəsilə işıqlandırılıb. Bəzi banklar lotereya qaliblərinə əlavə hədiyyələr təqdim etməklə sözügedən kampaniyaya olan marağı daha da artırıb. Bununla yanaşı, banklar digər kommunikasiya kanallarından aktiv istifadə etməklə radio, eləcə də iri marketlərdə audio məlumatlandırma tətbiq edib və lotereyanın təşviqinə dəstək olublar.
Nəticədə cari ilin fevral-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 14,4 milyona, əməliyyatların həcmi isə 922,8 milyon manata çatıb. Bu da ötən ilin analoji dövri ilə müqayisədə müvafiq olaraq 56 faiz və 57 faiz artım deməkdir.
Bank müştərilərinin sorğuları və vətəndaşların Mərkəzi Bankın “qaynar xətti”nə kütləvi müraciətləri də lotereyaya ictimai marağın yüksək olmasını göstərib. Mərkəzi Bank tərəfindən rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirləri davam etdiriləcək.
Qaliblərin siyahısı ilə Azərbaycan Mərkəzi Bankının internet saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya

Maliyyə 2019-05-21 12:48:00