×
A
A
A
Sazlamalar

M2 magistralının Hacıqabul-Ələt hissəsi təmir edilir VİDEO

Bakı, 21 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı kilometrlik hissəsində təmir-tikinti işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı kilometrdən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu baxımdan sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Müvəqqəti olaraq, Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
Təmir-bərpa işləri çərçivəsində yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür. Bunun ardınca qazılmış hissələrdə yol əsası işlənərək hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Layihənin növbəti mərhələsi olaraq, yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Yolun Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. Bu mərhələdə isə təmir-tikinti işlərinin əks istiqamət üzrə, yəni Ələt qəsəbəsi ərazisindən başlayaraq Hacıqabul rayonunadək olan hissəsində (69-116-cı kilometr) aparılması planlaşdırılır.

Tikinti̇ 2019-05-21 11:33:00

Video