×
A
A
A
Sazlamalar

ATU-nun Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq xəstə üzərində hibrid müdaxilə həyata keçirilib

Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ilk dəfə olaraq xəstə üzərində hibrid müdaxilə həyata keçirilib. Eyni vaxtda həm invaziv müdaxilə, həm də cərrahiyyə əməliyyatı icra olunub və uğurla nəticələnib.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Klinikanın uşaq kardioloqu Elnur İmanovun sözlərinə görə, 3 aylıq körpəyə müayinə nəticəsində ağciyər arteriyasının stenozu diaqnozu qoyulub. Həmçinin aparılan dopler müayinələrdə hər iki aşağı ətrafda - bud arteriya və venalarının inkişaf anomaliyası aşkarlanıb. Müdaxilə klinikanın kardiocərrahı Ramal Həsənovla birgə aparılıb. R.Həsənov qasıq bağından yuxarıda ona paralel kəsik apararaq xarici qalça venasını müdaxilə üçün hazırlayıb.
Kardioloq Elnur İmanov invaziv müdaxilə nəticəsində xəstədə mövcud olan ağciyər arteriyasının stenozunu “pulmonar balon valvuloplastikası” vasitəsilə aradan qaldırıb. Eyni zamanda, Ramal Həsənov xarici qalça venasının rekonstruksiyası əməliyyatını həyata keçirib.
Unikal əməliyyat “Mən artıq ürək qüsurlu deyiləm” şüarı ilə fəaliyyət göstərən ATU-nun Tədris Terapevtik Klinikasının Ürək mərkəzində aparılıb. Hər iki müdaxilə uğurla nəticələnib. Xəstə evə yazılıb.

Səhiyyə 2019-05-21 10:47:00