×
A
A
A
Sazlamalar

Beynəlxalq Muğam Mərkəzi “Qarmonun əfsanəsi” kitabını təqdim edəcək

Bakı, 21 may, AZƏRTAC

Mayın 22-də Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısı Əhəd Əliyevə (Kor Əhəd) həsr olunmuş “Qarmonun əfsanəsi” kitabının təqdimatını keçirəcək.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitab mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində çap edilib. Kitabın müəllifləri Gülhüseyn Kazımlı və Aleksandriya Sevinc Sultanzadə - fon Brüseldorffdur.
Qeyd edək ki, 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində görkəmli qarmon ifaçısı Əhəd Əliyevin-Kor Əhədin 125 illik yubileyi təntənə ilə qeyd olunub. “Qarmonun əfsanəsi” adlı kitab da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC tərəfindən nəfis tərtibatda çap edilib.
Azərbaycanda qarmon musiqi alətinin inkişafı və təşəkkülündə unudulmaz ifaçının böyük əməyi olub. Məhz onun sayəsində qarmon əsl Azərbaycan musiqi alətinə çevrilib və 1932-ci ildə Əhəd Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanda ilk dəfə “Şərq qarmonçalanları” ansamblı yaradılıb.

Mədəniyyət 2019-05-21 10:37:00