×
A
A
A
Sazlamalar

İsveçrə universitetinin tələbələri Bakıya səfər edəcəklər

Bern, 20 may, AZƏRTAC
İsveçrənin turizm sahəsi üzrə ixtisaslaşmış ən mötəbər təhsil müəssisələrindən biri olan Xur Universitetinin tələbələri mayın sonunda ölkəmizə səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizə səfər edəcək 10 tələbə ilə görüşüb.
Son vaxtlar ölkələrimiz arasında turizm sahəsində münasibətlərin intensivləşdiyini, Azərbaycan Turizm Bürosunun İsveçrə Turizm Təşkilatı ilə turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladığını diqqətə çatdıran diplomat ötən ilin oktyabrında Bakı-Cenevrə-Bakı marşrutu ilə birbaşa aviareysin fəaliyyətə başlamasının bu münasibətlərin inkişafına təkan verdiyini bildirib. Səfir tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxili və xarici siyasəti, həmçinin iqtisadi nailiyyətləri barədə məlumat verib, ölkələrimiz arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb.
Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən tələbələr ölkəmizə səfərin təşkilində göstərilən köməyə görə təşəkkürlərini bildirib, ölkəmizin təbliğinə və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhfələrini verməyə hazır olduqlarını vurğulayıblar.
Görüşdə, həmçinin ADA Universitetinin təhsil proqramları barədə məlumat verilib, tələbələr bu ali məktəbin təhsil proqramlarında iştirak etməyə dəvət olunublar.
Sonda xatirə şəkli çəkdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Cəmiyyət 2019-05-20 20:30:00