×
A
A
A
Sazlamalar

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” layihəsi həyata keçirilir

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “Universal Dizayn” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıq çərçivəsində “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” layihəsini həyata keçirir.
ƏTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas fəaliyyət istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.
Xidmət çərçivəsində Quba rayonunun Vəlvələ (ətraf kəndlər daxil olmaqla), Alpan (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilib. Görüşlər zamanı həmin şəxslərin ehtiyacları öyrənilib, əsasən hüquqi yardım tələb edən sahələr araşdırılıb.
Həmin ərazilərdə yaşayan 34 nəfər əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə qruplar təşkil olunaraq ehtiyacları öyrənilib.
Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.
Layihə Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunur.

Sosial 2019-05-20 19:18:00