×
A
A
A
Sazlamalar

“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir

Bakı, 20 may, AZƏRTAC

“Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna qoşulmaq, Avropa Şurası ilə beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə marşrutun 4 nəfərdən ibarət ekspert qrupu mayın 20-dən 24-dək ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində ekspert qrupu Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb, ölkəmizin bu mədəni marşruta qoşulması perspektivləri müzakirə olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın zeytunçuluq ənənələri barədə geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan da zeytunçuluğun qədimdən yayıldığı ölkələrdəndir. Hazırda zeytun ağacları əsasən Abşeron yarımadasında çoxluq təşkil edir. Azərbaycanda yalnız bizim ölkəmizə aid endemik zeytun növləri də mövcuddur. Belə ki, Abşeron yarımadasında Azərbaycan, Armudu, Buzovna, Qara, Şirin, Bakı zeytunu adlarında yerli zeytun növləri yetişdirilir.
Ekspert qrupu Abşeron yarımadasında yerləşən bu zeytun bağlarını ziyarət edəcəklərini, səfər çərçivəsində zeytun ağacları ilə bərabər həmçinin zeytunun emalı, zeytun yağının istehsalı və keyfiyyətinə də baxış keçirəcəklərini bildirdilər.
Məlumat üçün bildiririk ki, “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu 2005-ci ildə sertifikatlaşdırılıb və Avropa Şurasının mədəni marşrutlar siyahısına daxil edilib. Marşruta 17 ölkə qoşulub.

 

Mədəniyyət 2019-05-20 18:49:00