×
A
A
A
Sazlamalar

Oğuz rayonuna düşən yağıntının miqdarı 44 millimetr olub

Bakı, 20 may, AZƏRTAC 

Əvvəlcədən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, rayonların bəzi yerlərində leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçayda daşqın olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 44 (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 (39 faiz), Zaqatalada 33 (26 faiz), Xınalıqda 25, İsmayıllıda 22, Göyçayda 21 (34 faiz), Qəbələdə 19, Sarıbaşda (Qax) 18, Xaltanda 15, Qırızda 13, Naftalanda 12 millimetr təşkil edib. Digər rayonlarda isə 1-8 millimetr olub.
Ölkə ərazisində hava küləkli olub, cənub-qərb küləyinin sürəti Gəncədə saniyədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında 15-20 metrədək güclənib.
Həmçinin Şəkinin Əyriçay məntəqəsində diametri 34, Dəhnə, Acınohur və Sarıbaş kəndlərində saat 00:00 radələrində diametri 16, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 millimetr olan dolu düşüb. Bununla yanaşı, Zaqatala rayonu ərazisində saat 22:22 radələrində dolu düşməsi qeydə alınıb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Ekologiya 2019-05-20 17:54:00