×
A
A
A
Sazlamalar

Aliyə Bağırovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı, 20 may, AZƏRTAC
“NUR Art House” Qalereyası və “Azərbaycan xalçaçıları” İctimai Birliyi Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş Muzey həftəsi çərçivəsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (Azərbaycan Xalça Muzeyi) yaradılmasının təşəbbüskarlarından birinin – Aliyə Bağırovanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriblər.
AZƏRTAC xəbər verir ki, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva, “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin sabiq direktoru, Azərbaycan Xalça Muzeyinin Şuşa filialının direktoru Əlisəfa Nuriyev, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva, Əməkdar rəssam Tariyel Bəşirov təkcə dekorativ tətbiqi sənətin deyil, həm də yüngül sənayenin ən mühüm sahəsi olan xalçaçılığın inkişafında Aliyə Bağırovanın müstəsna rolundan danışıblar. Bildirilib ki, Aliyə Bağırova “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin idarə heyətinin sədri olub və 28 il burada çalışıb. O, Azərbaycanın xalça sənayesinin inkişafı üçün çox işlər görüb. Aliyə xanımın işlədiyi dövrdə toxuculuq dəzgahları təkmilləşdirilib, istehsalın səviyyəsi xeyli artıb.
A.Bağırovanın təşəbbüsü ilə pərakəndə çalışan kustar xalça artelləri emalatxanalarda və fabrikdə birləşdirilib. Rayonlarda emalatxanalar açılıb. Bu da xalça istehsalının həcmini artırmağa imkan verib.
Aliyə xanım XX əsrin 60-cı illərinin sonunda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yaradılmasının təşəbbüskalarından biri olub. Muzey İçərişəhərdəki Cümə məscidinin binasında açılıb.
Onun fəaliyyəti çoxsaylı mükafatlarla, orden və medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə qeyd edilib.
Aliyə Bağırova dəfələrlə rayon sovetinin deputatı seçilib, Təftiş Komissiyasına başçılıq edib.
Dizayner Pərvanə Neymətovanın hazırladığı Kataloq tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonra Aliyə xanımın həyat və fəaliyyətindən söz açan videoçarx nümayiş etdirilib.
Sonda A.Bağırovanın qızı Elmira Almasova anasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.

Mədəniyyət 2019-05-20 17:50:00