×
A
A
A
Sazlamalar

Son beş ayda məhkəmələrə elektron qaydada müraciətlərin sayı üç mini ötüb

Bakı, 20 may, AZƏRTAC

Ötən ilin sonunda dövlətimizin başçısının təşəbbüsü ilə qanunvericiliyə edilmiş dəyişiklərə əsasən, artıq mülki və iqtisadi mübahisələrə dair işlər üzrə icraatın aparılmasının, məhkəmə sənədlərinin tərəflərə və proses iştirakçılarına ötürülməsinin, dövlət rüsumlarının ödənilməsinin elektron qaydada həyata keçirilməsi təmin edilib. Beş aya yaxındır ki, iqtisadi mübahisələr üzrə icraat yalnız “Elektron məhkəmə” informasiya sistemi, digər mülki işlər üzrə isə ənənəvi yolla yanaşı, bu sistem vasitəsilə aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda keçirilən tədbirdə ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
Azər Cəfərov vurğulayıb ki, son beş ayda məhkəmələrə elektron qaydada edilən müraciətlərin sayı 3 mini ötüb. Bunun təxminən mini iqtisadi xarakterli mübahisələrdir.
“Mülki və iqtisadi mübahisələr üzrə məhkəmənin hazırlıq iclasının, məhkəmə baxışının təyin olunma müddətləri, kiçik iddialarla bağlı işlərə sadələşdirilmiş, icraat qaydasında qısa zamanda baxılması, bu işlər üzrə icraatın Apellyasiya instansiyası məhkəməsində yekunlaşması özəl sektorun bu sahədə işini xeyli asanlaşdıracaq”, - deyə nazir müavini diqqətə çatdırıb.

Sosial 2019-05-20 16:38:00