×
A
A
A
Sazlamalar

ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Aqrar Universitetin inkişafı ilə yaxından tanış olub

Gəncə, 20 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Gəncədə səfərdə olan ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri, Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin idarə edilməsi Agentliyinin rəhbəri Duane Voy ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işgüzar görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Aqrar Siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Cəfər Məhərrəmov da iştirak edib.
Qonağı salamlayan rektor İbrahim Cəfərov ona universitet haqqında ətraflı məlumat verib.
Azərbaycan dövlətinin aqrar sahəyə və aqrar təhsilə geniş diqqət ayırdığını deyən rektor bildirib ki, təkcə bu il universitetə 15 milyon dollar vəsait ayrılıb. Hazırda universitetdə yeni tədris korpusu, texniki peşə məktəbi tikilir və Molekulyar biologiya laboratoriyası qurulur.
Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər bir şərait var. Burada sitrus zonası və mülayim iqlim mövcuddur. Əhalinin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur. Amma bizim təsərrüfat torpaqlarının və suvarma göllərinin bir qismi işğal altındadır. Təbii ki, bu da əhalinin geniş kənd təsərrüfatı ilə məşğul olmasına böyük problem yaradır.
Hazırda dünyadakı məhsuldar torpaqların dövlətlər arasında qeyri-bərabər paylandığını və buna görə də milyonlarla insanların qida təhlükəsi ilə qarşılaşdığını diqqətə çatdıran rektor, ölkəmizdə qida təhlükəsizliyinin həyata keçirilməsi üçün qəbul edilmiş dövlət proqramlarının əhəmiyyətindən danışıb, kənd təsərrüfatının inkişafında ABŞ təcrübəsini öyrənməyin vacibliyini vurğulayıb.
Rektor aqrar sığorta məsələlərinin həllində və geniş kooperativlərin yaranmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacib olduğunu qeyd edib.
Bu cür məsələləri inzibati yolla deyil, daha çox könüllü şəkildə həll etməyin daha doğru yol olduğuna diqqət çəkən İbrahim Cəfərov amerikalı qonağa Azərbaycan dövlətinin aqrar sektora göstərdiyi güzəştlər haqqında da məlumat verib.
Bildirilib ki, post-neft dövründə qeyri-neft sektorunu, xüsusən də onun kənd təsərrüfatını prioritet sahələrdən biri kimi müəyyən edən Azərbaycan dövləti əhalinin həm ərzaq təhlükəsizliyinin qorunması, həm də insanların layiqli həyat şəraitinin təmini, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ixracın stimullaşdırılması üçün kənd təsərrüfatının inkişafına bütün şərait yaradıb. Belə ki, bu sahə ilə məşğul olanlar torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib. Ölkədə heyvandarlığın inkişafı və cins tərkibinin yüksəldilməsi üçün xaricdən ölkəyə idxal edilən mal-qaranın sayı artırılıb. Həmçinin bitkiçiliklə məşğul olan fermerlər üçün onların sifarişlərinə uyğun olaraq müxtəlif texnikaların alınaraq ölkəyə gətirilməsi təmin edilib. Fermerlərin istər cins mal-qara və texnika ilə, istərsə də gübrələrlə təminatında böyük güzəştlər tətbiq edilib.
Rektor deyib ki, kənd təsərrüfatının yüksək-ixtisaslı aqrar kadrlarla təmini üçün hazırda Aqrar Universitetdə 14 ixtisas üzrə kadr hazırlığı dövlət sifarişi əsasında həyata keçirilir. Belə ki, həmin tələbələrin təhsil haqqını dövlət ödəyir və təqaüdlə təmin edir.
Duane Voy isə öz növbəsində səmimi qəbul üçün təşəkkür edib və Azərbaycana ikinci səfəri olduğunu deyib. İlk səfərindən 5 il vaxt keçdiyini diqqətə çatdıran qonaq bu illər ərzində ölkədə aqrar sektorun inkişafında böyük dəyişikliklərin şahidi olduğunu vurğulayıb.
“Xüsusən də universitetinizin tədris-təcrübə təsərrüfatında və heyvandarlıq fermasında yaradılan şərait eynilə ABŞ-dakı kimidir. Mənim işlərimdən biri də kənd təsərrüfatının sığorta məsələsidir. Sizdə olan xırda təsərrüfatlar böyüdükcə onlar universitetlə daha sıx əlaqələr quracaqlar. Məsləhət və statistika xidmətləri də sizə çox fayda verə bilər. Mən görürəm ki, bizimlə eyni istiqamətdə inkişaf edirsiniz və yaxın 5 ildə daha böyük təcrübə əldə edəcəyinizə əminəm”, – deyə Duane Voy qeyd edib.
Sonra Duane Voy Aqrar Universitetin müasir infrastrukturu və zəngin maddi-texniki bazası ilə, xüsusən də quşçuluq, balıqçılıq təsərrüfatları və heyvandarlıq fermasının fəaliyyəti ilə daha yaxından tanış olub.
Günün ikinci yarısında isə ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri Duane Voyun Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat korpusunda “Kənd təsərrüfatında sığorta” mövzusunda mühazirəsi dinlənilib.

 

Regionlar 2019-05-20 16:41:00