×
A
A
A
Sazlamalar

Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub

Bakı, 20 may, AZƏRTAC

UEFA Avropa Liqasının Azərbaycan paytaxtında keçiriləcək final matçında fəaliyyət göstərəcək könüllülər üçün Bakı Olimpiya Stadionunda “Kick-off” adlı xüsusi salamlama gecəsi təşkil olunub.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin əlaqələndiricisinin müavini Kamran Vəliyev və Avropa Liqasının könüllülər şöbəsinin rəhbəri Yusif Vəliyev belə mötəbər idman tədbirinin bir hissəsi olduqları üçün könüllülərə təşəkkür edib, onlara uğurlar arzulayıblar. Çıxışlarda, həmçinin final matçının əhəmiyyəti, könüllülərin iş bölgüsü haqqında məlumat verilib.
Musiqili-əyləncəli proqramlar və maraqlı yarışlarla davam edən gecənin sürpriz qonağı isə tanınmış reper Elşad Xose olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək keçirilən qeydiyyat prosesində 3 mindən çox könüllü müraciət edib ki, bu da UEFA klub turnirlərinin finalları tarixində ən yüksək göstəricidir. Final matçının təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1452 könüllü çalışacaq.

İdman 2019-05-20 16:34:00