×
A
A
A
Sazlamalar

Lionel Messi İspaniya çempionatında 70 illik rekordu təkrarlayıb

Bakı, 20 may, AZƏRTAC

“Barselona” klubunun La Liqanın sonuncu – 38-ci turunda səfərdə “Eybar” ilə 2:2 hesablı heç-heçə etdiyi görüş Lionel Messi üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, argentinalı futbolçu həmin oyunda dubl edərək cari mövsümdə La Liqada vurduğu qolların sayını 36-ya çatdırıb. Beləliklə, o, karyerasında altıncı dəfə İspaniya çempionatının ən məhsuldar oyunçusu olub. Bu göstəriciyə görə Messi 1940-1950-ci illərdə “Atletiko Madrid” klubunda çıxış etmiş hücumçu Telmo Saranın rekordunu təkrarlayıb.
Cari mövsümdə vurduğu qolların sayına görə Avropanın əsas milli çempionatlarının məhsuldar futbolçuları arasında da lider olan L.Messi bu il “Qızıl buts” mükafatına ən iddialı namizəddir. Onun ən yaxın izləyicisi olan “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe cari mövsümdə 32 dəfə fərqlənib. K.Mbappe L.Messini qabaqlamaq üçün Fransa çempionatının sonuncu turunda “Reyms” ilə səfər matçında ən azı 5 top vurmalıdır.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan L.Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. Argentinalı hücumçu 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Super kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top” və eyni sayda “Qızıl buts” mükafatlarına layiq görülüb.

İdman 2019-05-20 15:25:00