×
A
A
A
Sazlamalar

Botanika İnstitutunda ixtiraçı alim Mayis Qasımovun xatirəsi anılıb

Bakı, 20 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda görkəmli ixtiraçı alim, biologiya elmləri doktoru Mayis Qasımovun 80 illik yubileyi qeyd olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri institutun direktoru, akademik Validə Əlizadə açaraq Mayis Qasımovun həyat və fəaliyyətindən, botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, alim uzun illər ərzində elmi-tədqiqatlar aparıb və topladığı herbari materiallarını araşdıraraq Azərbaycanın boyaq bitkiləri, onların qida və xalçaçılıq sənayesində istifadə olunması üzrə uğurlu nəticələr əldə edib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova görkəmli alimin apardığı araşdırmaların nəticələrinin botanika elminin və ölkəmizdə boyaqçılıq sənətinin inkişafına böyük töhfələr verdiyini söyləyib. Qeyd edib ki, Mayis Qasımov elmi fəaliyyətlə yanaşı, institutun ictimai həyatında da fəal iştirak edib. O, institutun elmi şurasının üzvü, namizədlik və doktorluq dissertasiyalarının opponenti, bir çox əsərlərin rəyçisi və elmi redaktoru olub.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov alimin elmi-pedaqoji fəaliyyətinə dair məruzə edib. Bildirib ki, Mayis Qasımov hələ 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan “İxtiralar və səmərələşdiricilər Komitəsi”nin fəxri fərmanı ilə təltif olunub. Alim, həmçinin əldə etdiyi elmi-praktik nəticələrin Moskva Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nümayişinə görə 1987-ci ildə I dərəcəli diplom və qızıl medala layiq görülüb. Elə həmin ildə “SSRİ-nin ixtiraçı alimi” adına layiq görülüb və döş nişanı ilə təltif edilib.
Qeyd olunub ki, institutda işlədiyi müddət ərzində alim tərəfindən 230 elmi əsər, 8 monoqrafiya, 2 kitab, 1 metodik vəsait çap olunub, 20-yə yaxın patent alınıb, 70-dən artıq səmərələşdirici təklif işlənib hazırlanıb və istehsalatda tətbiqinə nail olunub. Onun 600-dən çox elmi-populyar əsəri dərc edilib. 2017-ci ildə yüksək maraq kəsb edən “Boyaqçılıq” adlı sonuncu kitabı çapdan çıxıb.
Çıxış edənlər görkəmli botaniklə bağlı xatirələrini bölüşüblər.
Sonda alimin həyat yoldaşı, Botanika İnstitutunun elmi işçisi Tünzalə Qasımova çıxış edərək Mayis Qasımovun xatirəsinə göstərilən hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirdə Mayis Qasımova həsr olunan videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2019-05-20 14:49:00