×
A
A
A
Sazlamalar

Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər barədə protokol tərtib olunub VİDEO

Bakı, 20 may, AZƏRTAC 

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Atatürk prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.
Tədbir zamanı Nərimanov rayonu Həsən Əliyev və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkarlanıb. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb, onlara xəbərdarlıq olunub.
Aşkarlanan faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.
Paytaxtda, eləcə də regionlarda yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.

Hadisə 2019-05-20 13:43:00

Video