×
A
A
A
Sazlamalar

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib

Bakı, 20 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları Elnur Abbasov və Xədicə Əzimova tərəfindən “Dövlət qulluğu vəzifələrinin
tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə müsahibələrə müstəqil ekspert qismində cəlb olunacaq nümayəndələr iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirakçılara müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, müsahibəyə hazırlıq, namizədin biliyinin qiymətləndirilməsi üzrə tələb olunan bacarıqlar, müsahibənin strukturu, keçirilmə qaydaları, namizədi qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib. Həmçinin təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Elm və təhsil 2019-05-20 13:41:00