×
A
A
A
Sazlamalar

® “AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

Mayın 13-17-də "AzerGold" QSC-nin mütəxəssisləri "Transeuropean Centre Limited" şirkəti tərəfindən Finlandiyanın paytaxtı Helsinkidə təşkil olunan seminarda iştirak ediblər. Tədbir çərçivəsində "AzerGold" QSC-nin təmsilçiləri geoloji kəşfiyyatın optimallaşdırılmasında istifadə olunan qabaqcıl təcrübə və innovativ texnologiyalar, kern (süxur nümunələrinin) saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsallaşdırılması, həmçinin istehsal və anbar təsərrüfatının avtomatlaşdırılması mövzularında məruzələr dinləyiblər.
Yokisivu mədəninin istehsal sahəsinə baş tutan səfər zamanı QSC-nin mütəxəssisləri mədənin fəaliyyəti, maliyyə və iqtisadi göstəriciləri, texnoloji sxemi, habelə geoloqlar tərəfindən geniş tətbiq edilən "GEOVIA Surpac™" proqram təminatı ilə yaxından tanış olublar.
Səfər çərçivəsində nümayəndə heyətinin Loppi şəhərində yerləşən Geoloji kəşfiyyat üzrə Finlandiya dövlət idarəsinin milli kern saxlanma anbarına səfəri təşkil olunub. Burada QSC-nin nümayəndələri kern nümunələrinin skanlaşdırılması və analizi üzrə "Scanmobile lab" laboratoriyasının fəaliyyəti ilə tanış olub, həmçinin kern saxlanma anbarının avtomatlaşdırılması və rəqəmsallaşdırılmasının üstünlükləri, rəqəmsal texnologiyaların tətbiqi, XRF skan analizatorunun funksiya və tətbiq sahələri ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, geoloji kəşfiyyat işlərinin, istehsalat proseslərinin və digər fəaliyyət sahələrinin daha da optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə "AzerGold" QSC təcrübə mübadiləsinə böyük önəm verir. Cəmiyyətin əməkdaşları beynəlxalq tədbirlərdə iştirakı və xarici ölkələrdə yerləşən istehsalat sahələrinə səfərləri zamanı mədənçilik sahəsində mövcud təcrübələri geniş tədqiq edir, qabaqcıl texnologiyaların və innovativ yanaşmaların Azərbaycanda tətbiqi perspektivlərini araşdırır.

İqtisadiyyat 2019-05-20 13:11:00