×
A
A
A
Sazlamalar

Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planının təqdimatı olub

Bakı, 20 may, AZƏRTAC 

Mayın 20-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Mədəniyyət Nazirliyi arasında Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət Planının təqdimatı olub. Sənəd 2019-2020-ci illəri əhatə edir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təkcə siyasi sahədə deyil, ölkəmizin mədəni həyatında da mühüm rol oynadığını bildirib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti çoxşaxəlidir. Partiyamızın təşkilatçılığı ilə müxtəlif mədəniyyət tədbirləri keçirilir. Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planı da bu işdə mühüm rol oynayacaq. Prezident İlham Əliyev tərəfindən 2019-cu il "Nəsimi ili" elan edilib. Tədbirlər Planı çərçivəsində bununla bağlı da müxtəlif layihələr reallaşdırılacaq.
YAP ilə Mədəniyyət Nazirliyinin indiyə qədər də fəal əməkdaşlıq etdiyini bildirən mədəniyyət naziri Əbülfəs Qarayev bu birgə fəaliyyətin insanların mədəni rifahına xidmət edəcəyini bildirib. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışan Ə.Qarayev qeyd edib ki, Ümummilli Lider hər zaman fəaliyyətində xalqına arxalanır və güvənirdi. Nazir deyib ki, hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər onun inkişafı, təbliği istiqamətində mühüm addımlar atıb.
Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurlara imza atdığını vurğulayan Əbülfəs Qarayev təqdim olunan Tədbirlər Planının əhəmiyyətindən bəhs edib, bu sənəd çərçivəsində bir sıra mühüm tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Sonra Mədəniyyət Nazirliyində YAP ərazi ilk partiya təşkilatının sədri Vüqar Məmmədov birgə Fəaliyyət Planına dair təqdimatla çıxış edib.

Mədəniyyət 2019-05-20 13:04:00